Gənclərin intiharının səbəbi nədir?

Gənclərin intiharının səbəbi nədir?

Bismilləhir Rahmənir Rahim

Son vaxtlar yeniyetmə və gənclər arasında intihar, evdən qaçma, depressiya, özünəqapanma və digər hallar sürətlə müşahidə olunmaqdadır. Bu cəmiyyətimiz üçün çox ciddi məsələdir.

Yeniyetmə və gənclərimizin birinci ümdə problemi özlərini kəşf etmələri və şəxsiyyət kimi formalaşmaq istəmələridir. Bu fitri bir duyğudur. Bu mərhələdə gənclər özlərinin axtarışına çıxırlar və fikirləri tez-tez dəyişir. Bu mərhələdə övladlara kömək birinci valideynlərdən gəlməlidir. Bunun üçün valideyn övladını dinləməli və onunla həmsöhbət olmalıdır. Əgər bu baş verməzsə övlad zərərli vərdişlərdə özünü tapacaqdır. Bu zərərli vərdişlər də yaxınlığımızdadır. Bunlar ilk öncə milli-mənəvi dəyərlərimizə zidd olan teleseriallar, qərbyönümlü internet portalları, şüuraltı mesajlar ötürən kompyuter oyunları, zərərli bədii filmlər və s.

Əlbəttə müasir dövrümüzdə yuxarıda saydıqlarımıza tam qadağa qoymaq real deyil.Bəs onda nə edək? Övladlarımıza bu dünyanın həqiqətini izah edək.Teleserial və bədii filmlərin illuziya və bəzədilmiş olduğunu anladaq.

Bu dünyanın sevinciylə kədərinin, əziyyətiylə rahatlığının, şirinliyi ilə acılğının, çətinliyi ilə asanlığnın, gülüşüylə ağlamağının birlikdə olduğunu izah edək. İzah edək ki, bu dünyada mütləq xoşbəxt, mütləq şən, mütləq gülərüz və mütləq problemsiz insan yoxdur. Onlar toplum içində özlərini problemsiz göstərirlər və həyatın həqiqətlərini gizlədirlər. Camaat da çox vaxt gördüyünə inanır.

Halbuki bu dünyada çox şey göründüyü kimi deyil. Bu tarix boyu belə olmuşdur. Çünki bu dünyanı yaradan Uca Allah dünyada rahatlıq yaratmadığını buyurub.

Düzdür insanın fitrəti ləzzətə və rahatlığa meyllidir. Amma bu fitri ləzzətpərəstliyin cavabı bu dünyada deyil. Bunu axtaran onsuzda tapmayacaq və yalnız özünü aldatmış olacaqdır. Yeniyetmə və gənclərimizin ruhi-psixoloji sarsıntı keçirmələrinin səbəbi məhz bu dünya barəsində düzgün təsəvvürdə olmamalarıdır. Ona görə də hərhansı maneə ilə rastlaşdıqda xəyal qırıqlığına uğrayırlar.

Evdən küsür və özlərinə qapanırlar. Amma bilmirlər ki, bu həyat maneələri dəf etməkdən başqa bir şey deyil. Belə olan halda valideyn bilməlidir ki, mənim vəzifəm övladımı həyata hazırlamaqdır. Övladı tamamilə rahatlığa öyrəşdirmək qətiyyən yolverilməzdir. Belə ki, övlad tədricən həyatda öz ayaqları üstündə dayanmağı öyrənməlidir. Dünya həyatının həqiqətini olduğu kimi idrak edən gənc avtomatik olaraq təmkinli olacaqdır. Tədricən əziyyətə qatlanmağı öyrənəcəkdir.

Əgər böyüklərə qulaq asmasalar onsuzda həyat özü onları yetişdirəcəkdir. Çünki bu dünyada hər kəs öz əməlinin girovudur.

Həyat bumeranqdır, etdiklərimizin nəticəsi bizə qayıdacaqdır. Diqqətiniz üçün təşəkkür edirəm.

Vüsal Nadiroğlu Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin Üzvü

Bir 1 nəfər və mətn şəkili ola bilər