Yunis Səfərov: "Ədalətsizlik vintini sonuna qədər sıxmaq olmaz" SON SÖZ- 2-ci hissə

Yunis Səfərov: "Ədalətsizlik vintini sonuna qədər sıxmaq olmaz" SON SÖZ- 2-ci hissə

Gəncə məhbusu Yunis Səfərovun məhkəmə çıxışı

İkinci hissə

"Bu bir müqəddimə idi. Son sözə gəldikdə isə, birinci növbədə mən istəyirəm məsələnin mahiyyəti ilə bağlı fikirlərimi bildirəm. Əvəla ondan başlayaq ki, Gəncədə baş verən hadisə bizim cəmiyyətdə 3 gündən, 5 gündən bir baş verən, sıradan bir hadisə deyil. Kiminsə kimisə vurması, xəsarət yetirməsi, öldürməsi bizim cəmiyyətdə tez-tez baş verir. Hər gün kiməsə xəsarət yetirirlər, kimisə öldürürlər, ər arvadını öldürür, qonşu qonşunu öldürür. Belə hadisələrin bizim cəmiyyətimizdə sayı hesabı yoxdur. Lakin bu hadisələr bu və ya digər formada şəxsi zəmində, şəxsi müstəvidə baş verir.

Gəncədə baş vermiş hadisə şəxsi zəmində, şəxsi səbəbdən baş vermiş hadisə deyil. Bu çox önəmlidir. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi budur ki, əgər biz bu hadisəni törədən insana nəzər salsaq, görərik ki, bu insan krminaldan, cinayətdən tamamilə uzaq bir adamdır. Əksinə, Yunis Səfərovu tanıyan insanlardan soruşsanız ancaq müsbət xarakterizə edərlər. Nəyə görə mən bunları deyirəm? Əgər ali savadlı bir gənc, universitetdə oxuyan br gənc, sonra akademiyada aspirant olan bir gənc, Sabiri, Hüqonu, Tolstoyu, Şekspri oxuyan və sevən bir gənc ortada heç bir şəxsi səbəb, motiv olmadan əlinə silah alıb icra başçısını güllələməyə gedirsə, belə bir vəziyyətdə bizim bir cəmiyyət olaraq vəzifəmiz birinci növbədə ondan ibarət olmalı deyil ki, onu tez həbs edək.

Deyək, cinayət törətmisən, göndərək cəzaçəkmə müəsissəsinə. Xeyr! Birinci növbədə belə bir vəziyyətdə gərək bizim cəmiyyət, dövlət, ziyalılar, alimlər, düşünən təbəqə özünə sual versin ki- niyə bizim cəmiyyətdə belə bir hadisə baş verir? Niyə görə belə bir gənc belə addım atır? Bəli, mənim məqsədim məhz bundan ibarət idi ki, qoy bu sual bizim cəmiyyətin hər bir tərəfində səsləndirilsin. Qoy bu sualı versinlər. Bu sualın isə bir cavabı var-məmur özbaşınalığı.

Qoy bizim cəmiyyətdəki vəziyyətə cavabdeh olan, məsul olan qurumlar bu barədə düşünsünlər. Qoy bizim Milli Məclisdə səliqəli libasda əyləşən, üzləri təmiz qırxılmış bu cənablar ölkədəki vəziyyətin fərqində olsunlar. Qoy bu problemi qaldırsınlar, qoy bu istiqamətdə ciddi tədbirlər görsünlər.

Qabaqcadan dediyim kimi, məmur özbaşınalığı yalnız Gəncəyə aid olan problem deyil. Bir çox rayonlarda, şəhərlərdə eyni vəziyyət hökm sürür. Bir çox icra başçıları var ki, onların Elmar Vəliyevdən heç bir fərqi yoxdur. Qoy bu məsələ ilə ciddi məşğul olsunlar.

Bəli, Gəncədə baş vermiş hadisə bir siqnal idi. Vətəndaşın cəmiyyətə, dövlət qurumlarına ötürdüyü siqnal. Bəli, bu siqnal xətərsiz, zərərsiz ötüşmədi. Bəli, biz belə siqnallara öyrəşməmişik, adət etməmişik. Haqlısız! Lakin bağışlayın, siz məndən nə gözləyirdiniz, nə istəyirdiniz? İstəyirdiniz ki, mən heç bir nəticəsi olmayacağını əvvəlcədən bilə-bilə şikayət ərizəsi yazım? Məgər məndən qabaq, yəni Gəncədə baş verən bu hadisədən qabaq dövlət qurumlarına məmur özbaşınalığı ilə bağlı şikayət daxil olmurdu? Olurdu! Siqnallar ötrülmürdü? Ötürülürdü! Lakin heç nə dəyişmirdi, hər şey olduğu kimi qalırdı. Ona görə də görünür, daha keçərli, daha ciddi bir siqnala ehtiyac var imiş.

Elə bir siqnala ki, cəmiyyəti müəyyən mənada silkələsin. Bu hadisədən sonra bir qədər vaxt keçdikdən sonra dövlətin bu istiqamətdə gördüyü işlərə baxdıqda bu gün biz artıq qətiyyətlə deyə bilərik ki, bəli belə bir siqnala, belə bir hadisəyə ehtiyac var imiş. Baxın bu hadisədən sonra və bu günə kimi artıq 8 nəfər icra başçısı, xeyli vəzifəli şəxslər həbs olunub. Bu proses hələ bitməyib, davam edir.

Etiraf etməliyik ki, Azərbaycanın yeni tarixində belə bir hadisə olmamışdır. Ona görə də hesab edirəm ki, Gəncədə baş vermiş hadisənin bu prosesdə çox böyük, bəlkədə həlledici rolu olmuşdur. Mən təvözökarlıqdan qırağa çıxmaq istəmirəm lakin Gəncədə baş verən hadisənin bu proseslərə əhəmiyyətli dərəcədə təsir etməsi və təkan verməsi danılmzadır.

Bəli, bu gün bizim ölkədə müşahidə etdiyimiz sözügedən bu proseslər Gəncədə baş verən hadisənin məntiqi davamıdır. Ona görə də mənim başladığım işin dövlət tərəfindən davam etdirilməsini müsbət qiymətləndirirəm. Qoy mənim bu sözlərim heç kəsi təəcübləndirməsin. Mən deyəndə ki, mənim başladığım işi dövlət davam etdirir, təəcüblənməyin. Həmin işdi, sadəcə çarəsiz qalmış vətəndaş tərəfindən deyil, artıq dövlət tərəfindən icra olunur. Baxın, bu qədər yüksək vəzifəli məmurlar məsuliyyətə cəlb olunub amma bir nəfərin də burnu qanamayıb. Nə gözəl. Nə xəsarət alan var, nə zərərçəkən.

Təbii ki, dövlətin imkanları var resurları var. Səliqəli şəkildə həbs edir, mühakimə edir və s. Mənim əlimdə bu imkanlar yoxdur ki, mən bu işi xətərsiz-bəlasız yerinə yetirim. Siz məndən nə istəyirsiz? Mən siravi bir vətəndaşam, nə topum var, nə topxanam. Siz məndən nə istəyirsiz? Yoxdur mənim belə imkanlarım. Daha doğrusu var, niyə yoxdur? Polis, prokurorluq, məhkəmə, digər qurumlar. Bunlar hamısı mən vətəndaşın xidmətində dayanan qurumlar deyilmi? Bu belədi. Ancaq kağız üzərində belədi, reallıqda belə deyil. Ona görə bu hadisə baş verib, ona görə mən bu addımı atmışam.

Əgər bu qurumlar həqiqətən vətəndaşın xidmətində dayansaydılar və ən əsası da bərabərlik peinsipinə riayət etsəydilər mən Elmar Vəliyevi çoxdan məsuliyyətə çəkərdim-xətərsiz-zərərsiz. Ən sivil qaydada. Lakin öncədən dediyim kimi bu qurumlar icra başçısını məsuliyyətə çəkmək üçün, icra başçısının qanunazidd əməlləri kifayət etmir, vətəndaşın şikayətləri kifayət etmir.

Gərək hardansa tapşırıq gəlsin, göstəriş gəlsin. Bu tapşırıq göstəriş olmasa icra başçısı rəhbərlik etdiyi rayonun, şəhərin altını üstünə çevirsədə, heç kim ona "gözün üstə qaşın var" deməyəcək. Ona görə də belə hadisənin baş verməsi təəcüblü deyil.

Gəncədə -tarixən haqsızlığa qarşı həssas olan bir məkanda belə bir hadisənin baş verməsi tarixi üsyanlarla, qiyamlarla, müqavimətlərlə zəngin olan Gəncədə belə bir hadisənin baş verməsi heç də təəcüblü deyil. Hər halda hasızlıq heç bir yerdə sonsuza qədər davam edə bilməz. Belə bir aforizm var: "Ədalətsizlik vintini sonuna qədər sıxmaq olmaz. Çünki bu nə vaxtsa atacaq". Və bu gedib vurub kiminsə gözünü çıxaranda təəcüblənməyin. Vaxtında tədbir görmək lazım idi cənablar!

Bu mənim məsələnin mahiyyəti ilə bağlı fikirlərim idi. İndi isə mən istəyirəm zərərçəkmiş polislərlə bağlı fikirlərimi bildirəm. Mən istəməzdim bu polislərlə hər hansı bir zərər yetirim. Lakin həyatda hər şey bizim istədiyimiz kimi olmur. Məsələn bu yaxınlarda biz müharibə etdİK. Məgər biz istəyirdik bu qədər itki verək, bu qədər uşaq atasız qalsın? Təbii ki, istəməzdik. Lakin torpaq naminə, bizə qarşı olan bu haqsızlığı və ədalətsizliyi aradan qaldırmaq naminə biz bu qurbanları veririk və deyirik ki, bu normaldır, bu belədə olmalıdır.

Məgər haqsızlıq və ədalətsizlik ancaq erməni işğalına bağlı olan məsələdi? Xeyr! Haqsızlıq və ədalətsizlik müxtəlif formalarda, müxtəlif məsələlərdən irəli gələ bilər. Xaricdən də gələ bilər, daxildən də. Vazgendən də gələ bilər, Elmardan da.

Ləyaqətli, vətənpərvər, vicdanlı insanlar bu haqsızlıq hardan, kimin tərəfindən gəlir gəlsin fərq etməz, gərək ədalətsizliyə və haqsızlığa qarşı mübarizə aparsınlar. Bizə belə olmağı dinimiz, mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız öyrədir. İstinad etdiyimiz ən dəyərli şəxsiyyətlər bizə belə olmağı öyrədir. Mübarizə isə müharibə kimi itkisiz, zərərsiz, xətərsiz olmur, problemsiz ötüşmür. Bu mənim istəyimlə deyil. Bu həyatın qaçılmaz qanunudur. Hətta bu mübarizə qanun çərçivəsində aparılsa belə. Bu çox önəmlidir. Səlahiyyətli, səlahiyyətsiz fərq etməz-Elmar Vəliyevin əməllərinə niyə göz yumurdular? Xoşlarına gəlirdi Elmarın hərəkətləri? Xeyr! Bəs onda niyə göz yumurdular, niyə susurdular? Niyə onun qarşısını almırdılar?

Şərt deyil ki, əllərinə silah alsınlar. Qanunlarımız bizə imkan verib, yollar qoyub. Sən etiraz edə bilərsən, müvafiq qurumlara şikayət, müraciət edə bilərsən. Düzdümü? Niyə bunu etməyiblər? O cümlədən zərərçəkmiş polislər... niyə onlar qanunların bizə verdiyi geniş imkandan istifadə edib Elmar Vəliyevin yolverilməz əməllərinin qarşısını almayıb? Burda mən istəyirəm çox önəmli bir məsələyə toxunum.

Söhbət zərərçəkmiş polislərdən getsə də, deyəcəyim sözlər təkcə onlara deyil, ümumiyyətlə Gəncədə yaşayan insanlara, birinci növbədə səlahiyyətli insanlara ; müstəntiqlərə, hakimlərə, polislərə, cəmiyyətdə nizam-intizamı, qanunu, ədaləti qorumaq şərəfinə layiq görülmüş digər insanlara...

Baxın, Gəncə mənim üçün əziz və doğma olduğu kimi onlar üçün də əziz və doğmadır. Elmar Vəliyev Gəncədə məscidə ayaqqabı ilə girəndə, Cavad xanın məqbərəsini sökəndə, insanları təhqir edəndə və digər bu kimi əməllərə yol verəndə- bu yalnız mənim problemim deyil, onların da problemi idi. Çünki məscid yalnız mənim üçün müqəddəs deyil, Cavad xanın məqbərəsi yalnız mənim üçün dəyər deyil.

Onlar üçün də dəyərdir. Bu dəyərləri qorumaq, Rusiya Federasiyasının vətəndaşı olan və orada daimi yaşayan Yunis Səfərovun toxunulmaz bir hüququ, imtiyazı deyil. Müstəsna bir borcu deyil, onların da borcudur. Hər birimizin borcudur.Elə deyilmi? Hər birimiz məsuliyyət daşıyırıq. Lakin yuxarıda qeyd etdiyim insanlar məndən daha çox məsuliyyət daşıyırlar. Çünki onlar daim Gəncədə yaşayan insanlardı və Elmar Vəliyevin çirkin əməllərindən məndən daha yaxşı xəbərdar idilər.

İkincisi də, məndən fərqli olaraq çiyinlərində paqon daşıyırlar-məsuliyyətdir yəni. Əgər cəmiyyətdə bir haqsızlıq baş verərsə, bunun qarşısını almaq bir vətəndaş kimi hər birimizin borcudur. Lakin paqon daşıyan insanların, səlahiyyətli insanların ikiqat borcudur.

Çünki onların vəzifəsi elə budur-cəmiyyətdə nizami qorusunlar və qoymasınlar ki, kimsə "xəttədn qırağa çıxsın". Fərq etməz bir siravi vətəndaş olsun, ya icra başçısı. Qanun qarşısında hamı bərabərdir. Siravi vətəndaşdan fərqli olaraq, icra başçısının "xəttdən qirağa çıxması" onun səlahiyyətlərini, imkanlarını nəzərə alsaq, cəmiyyət üçün daha təhlükəli olduğunu da deyə bilərik.

Yaxşı bəs qeyd etdiyimiz bu insanlar aradan qaldırmaq üçün heç bir səy göstərməyiblər? Bəli, məhz bu səbəbdən ki, haqsızlığa qarşı çıxan (istənilən ölkədə bu belədir, həyatın qanunudur) haqsızlığa qarşı çıxan insan, qanun çərçivəsində bunu etsə belə, müəyyən problemlərlə üzləşə, xoşagəlməz hallarla üzləşə bilər. Biz də istəmirik axı bizim həyatımızda, bizim o gözəl həyatımızda bir problem yaransın.

"Cəmiyyətdə nə baş verir versin, təki mənim şəxsi həyatımda narahatlıq olmasın" belə düşünürük. Ona görə də hamısı susur. Ağsaqqal, qarasaqqal, səlahiyyətli, səlahiyyətsiz hamısı. Bəs belə bir total sükut şəraitində laqeyidlik və biganəlik şəraitində mən təkcə nə edə bilərdim? Hamının bir nəfər kimi susduğu şəraitdə mənim şikayətimmi keçərdi? Mənə nə deyərdilər? Deyərdilər nə oldu bu qədər gözəl insanlar heç nə demədi, bir dənə sən nədənsə narazısan? Deməli, problem səndədir".

ARDI VAR

VETENUGRUNDA.AZ

 

Gəncə məhbusu Yunis Səfərovun təmsil olunduğu qrupun məhkəməsi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə Yunis Səfərov son söz üçün hazırladığı çıxışını ailəsi ictimailəşməsi üçün VETEUGRUNDA.AZ-a göndərib. Qeyd edək ki, Yunis Səfərovun çıxşının birinci hissəsi saytmızda avqustun 12-də dərc olunub. Birinci hissəni aşağıda paylaşırıq

SON SÖZ-BİRİNCİ HİSSƏ: 

 

Yunis Səfərov: "Hökumət mənim işimi davam etdirir" SON SÖZ CƏMIYYƏT 12 AUGUST 2021 HITS: 1191

Yunis Səfərov: "Hökumət mənim işimi davam etdirir" SON SÖZ Gəncə məhbusu Yunis Səfərovun məhkəmədə son sözü

"Bakı Ağır Cinayətlər Məhkəməsinin 192006068 nömrəli cinayət işi üzrə təqsirləndirilən Səfərov Yunis Rafik oğlu tərəfindən

Son söz

Məhkəmə nitqi

Hamını salamlayıram

Son sözə bir müqəddimə olaraq onu demək istəyirəm ki, keçən səfər çıxış edərkən mən demişdim ki, Gəncənin sabiq icra başçısına qarşı bu addımı atmağa məni vadar edən bir yox, bir neçə səbəb olmuşdur. Əgər bu səbəbləri bir yerə yığsaq, bir cümlə ilə ifadə etsək, belə deyərik ki, məni bu addımı atmağa məcbur edən məmur özbaşınalığı olmuşdur!

"Məmur özbaşınalığı" dedikdə, söhbət yalnız Elmar Vəliyevdən getmir, Gəncədən getmir, ümumilikdə bütün ölkəmizi cənginə alan bir xəstəlikdən gedir.

Əgər bu problem belə bir miqyasda mövcuddursa, bu da bu gün artıq rəsmi şəkildə etiraf olunmaqdadır. Biz bunu bilirik, biz bunu görürük, bu məsələ gündəmdədir.

Belə bir vəziyyətdə, belə bir duruma qarşı vətəndaş etiraz edirsə, bu təbiidir, normaldır, belə də olmalıdır.

Burda bir problem yoxdur və mənə qarşı olan ittiham bundan ibarət deyil ki, niyə sən etiraz edibsən? Etiraz edibsən, əcəb edibsən. İttiham budur ki, niyə etirazın bu formada olub? -Zor, güc, silah tətbiq etmək və sairə.

Səbəbi deyim. Məlum məsələdir ki, etiraz edən insan hər hansı formada bunu edir etsin, onun məqsədi, onun niyyəti problemi aradan qaldırmaqdır, ədaləti bərqərar etməkdir.

Ədalətin bərqərar edilməsi isə, xüsusilə əhəmiyyətli məsələlərdə heç də arzuoluna və istənilən formada realizə olmur.

Vəkillər çıxış edərkən ədalətnən, ədalətin bərqərar olunması ilə bağlı gözəl sözlər dedilər. Biri- birindən gözəl rəvayətlər söylədilər, bizim də xoşumuza gəldi. Lakin praktika, real həyat onu göstərir ki, ədalət, xüsusilə də əhəmiyyətli məsələlərdə gözəl sözlərlə, gözəl rəvayətlərlə bərqərar olmur əziz vəkillər.

Ədalət tez-tez təkbir deməklə, salavat deməklə bərqərar olmur əziz təqsirləndirilən şəxslər. Şeyx Şamilin bir sözü var. O, bu sözü ədalət haqqında deyil, çar Rusiyasına qarşı müqavimət göstərərkən- azadlıq haqqında deyib: "Azadlıq yalvar-yaxarla əldə olunmur, yalnız zorla, güclə əldə olunur".

Bəzi hallarda ədalətin bərqərar olması da belədir. Əlbəttə zor, güc bizim xoşumuza gəlmir. Ancaq söhbət onda deyil ki, xoşumuza gəlir, gəlmir. Söhbət ondadır ki, həyatın qanunu budur. Reallıq bunu tələb edir.

Otuz ildir Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdayıq. Dəlil, sübut, faktlar, tarix, vicdan, qanun hamısı bizim tərəfmizdəri bu məsələdə. Amma heç bir faydası yoxdur bütün bunların. Ordumuz sarıldı silaha 44 gün ərzində problem öz həllini tapdı. Otuz illik həsrətə və ədalətsizliyə 44 günün içində son qoyuldu! Niyə? Çünki xoşumuza gəlməyən zor, güc tətbiq olundu.

Elmar Vəliyev neçə ildir Gəncəyə rəhbərlik edir. Gəncə camaatının Elmara münasibəti hamıya bəllidir. Camaat ondan narazıdır, ondan şikayətçidir. Gəncə camaatı Elmarı istəmir! Ancaq buna baxmayaraq bu adam yenə də öz işində, öz gücündə, çirkin əməllərinə davam edir. Müraciətlər, şikayətlər, etirazlar, təvəkkül, təvəssül, dua -heç bir xeyri yoxdur neçə ildir... Bir nəfər əlinə silah götürən kimi-silah da bir silah ola, ikisini atır və dayanır, deyir, öldür atmaram- sözüm onda deyil, bir nəfər-Yunis Səfərov-əlinə silah götürən kimi məsələ həllini tapdı!

Bu sözləri deməkdə mənim məqsədim zor, güc, vurub öldürmək kimi şeyləri təbliğ etmək deyil. Mən bunun tərəfdarı deyiləm. Sadəcə onu göstərmək istəyirəm ki, ədaləti bərqərar etmək üçün bəzən həyat özü bizi zor tətbiq etmək məcburiyyətində qoyur. Və bu o qədər təbii bir məsələdir ki, o qədər təbii bir haldır ki, hətta dünyada bir çox qanunlarda, o cümlədən də Azərbaycan Cinayət Məcəlləsinin "Son zərurət" adlanan 8-ci maddəsində də bu məsələ öz əksini tapmışdır.

Elə bir xalq yoxdur ki, o xalqın keçmişində, xüsusuilə də, haqsızlıq hökm sürdüyü ərəfələrdə öz fəaliyyəti ilə seçilən və bu gün də qəhrəman hesab olunan insanların əməllərində cinayət olmasın.

Bizim çox da uzaq olmayan tariximizdə görkəmli ictimai-siyasi xadim Ağa bəy Ağaoğlunun yaratdığı "Fədailər", sonra "Difailər" adlanan məxvi təşkilatın üzvləri, fəalları -biz onları əlbəttə ki qəhrəman sayırıq- çar Rusiyası hakimiyyəti ərəfəsində, Gəncə qubernatorunun müşaviri Kreçenskini etdiyi haqsızlıqlara görə Gəncədə, düz evinin qarşısında güllələmişdilər.

Maraqlıdır ki, həmin bu Kreçenskini güllələyəndən dərhal sonra, gecəykən şəhərin hər tərəfinə bu məmurun cəzalandırılmasını izah edən müraciət yazıb yapışdırmışdılar ki, qoy hamı bilsin ki, bu məmur niyə görə cəzalandırılıb. Qoy digər bu tip məmurlar bu hadisədən özlərinə bir dərs çıxarsınlar. Bu bir tarixdir. Bizim fəxr etdiyimiz tarix! Bu tarix sizə heç nəyi, heç kimi xatırlatmır? Yunis Səfərovun əməllərini xatırlatmır? Əlbəttədki xatırladır. Allah onun qapısını açsın! Və yaxud "Difai"lərin digər əməllərinə, keçirdikləri aksiyalara baxsaq, Qaçaq Nəbini, onun indiki dillə desək, qeyri-qanuni silahlı mütəşəkkil dəstəsini götürsək, onların fəaliyyətinə, seçdikləri üsullara hüquqi müstəvidə qiymət versək, onda gərək Cinayət Məcəlləsinin bir çox ağır maddələrini onlara şamil edək. Ancaq biz bunu etmirik. Əksinə biz onları qəhrəman hesab edirik.

Biz onlara ehtiram edirik, məhəbbət bəsləyirik. Bu məhəbbət bizim qəlbimizdədir. Bu məhəbbət bizim ədəbiyyatımızda, incəsənətimizdə, kinomatoqrafiyamızda öz əksini tapmışdır. Pytaxtımızdakı küçələrdən biri Qaçaq Nəbinin adını daşıyır. Ağa bəy Ağaoğlu haqqında sənədli filmlər çəkilir, kitablar yazılır və s. və ilaxır.

Niyə biz bu insanlara bu qədər ehtiram edirik, məhəbbət bəsləyirik? Axı adam öldürürlər, adam oğurlayırlar, hədə-qorxu, silah... Vəzifəli şəxsləri öldürürlər. Ancaq buna baxmayaraq biz bu adamları qəhrəman hesab edirik. Niyə? Çünki bu insanların əməllərinin arxasında müqəddəs bir niyyət, bir motiv dayanır və bu motiv Vətənə dərin məhəbbətdən qaynaqlanan bu müqəddəs niyyət bizim üçün hər şeydən üstündür. Ona görə biz onları qəhrəman hesab edirik. Hesab edirəm ki, mənim də əməllərimə məhz yuxarıda qeyd etdiyim konteksdə qiymət verilməlidir. Çünki Yunis Səfərovun niyyətinin, amalının, mübariəz üsulunun "Difailər"lə həmahəngliyi açıq-aşkar görsənməkdədir.

Onu da deyim ki, mənim üçün əhəmiyyətli olan müstəvidə bu qiymət artıq çoxdan verilmişdir-məhz bu kontekstdə. İndi növbə hakimlərindi."

Vetenugrunda.az

ARDI VAR

12 avqust 2021