Zərəri daha çox olan xeyir

Zərəri daha çox olan xeyir

"Ölkəmizdə koronavirusun varlığına heç kim şübhə etmir, bu hal virusa yoluxan və yoluxmayan hər kəsi narahat edir. Lakin təyin edilmiş qaydalarda məqsəd insanların sağlamlığını qorumaqdırsa, eyni zamanda bir ildir ki, qoyulmuş qadağalar insanların psixologiyasına, rifahına, yaşayışına təsir edir. Artıq qadağalar insanların əsəb-sinir sistemini korlayıb. Xəyalları, arzuları məhv edib.

Bu qadağalar insanların normal həyatına alternativ qoymur. Qadağalardan başqa heç nə bilməyənlərə isə səslənmək istəyirəm ki, hər şeyi qadağa qoymaqla həll etmək olmaz. Başqa qonşu dövlətlərdə toy və yas mərasimlərinin müəyyən şərtlər daxilində keçirilməsinə şərait yaradılıb.

Bu ölkələrdə ibadət məkanları bir il ərzində tam bağlı da qalmadı. Sadəcə kütləvi ibadətə məhdudiyyət qoyulsa da, fərdi ibadətlər üçün məscidlər açıq qaldı. Hələ iyul ayında Ayasofya açılmamışdan əvvələ qədər pandemiya qaydalarına uyğun olaraq, Türkiyədə cəm şəkildə ibadətə icazə verilib. Futbol meydanlarında, parklarda, məscid həyətlərinda dindarlar üçün şərait yaradılıb.

Çox təssüf ki, sadaladıqlarımdan heç biri qısamüddətlik də olsa, bizim ölkəmizdə icra edilməyib. Halbuki dindarlar pandemiya qaydalarına tam məsuliyyətlə riayət edirlər.

Məscidlər açıldığı təqdirdə monitorinq aparılsa, dindarların pandemiya qaydalarına necə diqqətli riayət etdiklərinə hər kəs şahid olar. Koronavirusla gələn qadağalar həbsxanalarda olanların da "nəfəsliyini" bağlayıb. Bir ildir ki, ailəvi görüşə qadağa qoyulub. Ailə görüşü 6 aydan bir olduğu üçün çox insanlar ilyarımdır ki, doğmalarıyla görüşüb dərdləşə bilmirlər. Körpələr atalarını, valideynlər övladlarını görüb sevgilərini bölüşə bilmirlər.

Burda da hər kəsin ailəsində yaşlısı, körpəsi, xəstəsi var. Bu mənasız qadağalar 1 ildən çoxdur ki, insanları bir-birinə həsrət qoyub. Lazımi qurumlara narazılıq edəndə deyirlər ki, qadağalar virusun yayılmaması üçün tədbirdi. Təbii ki, bu cavaba cavab da vardır: Psixoloji əziyyət, intizar və əsəb keçirən insanlara görüşləri qadağan etmək tədbirdirsə, o zaman heç kim olduğu yeri tərk etməsin, evindən işə, işindən evə getməsin.

Hər kəs olduğu yerdə qalsın. Ölkələrdə və cəmiyyətlərdə virusun qarşısını qadağalarla almaq məntiqli deyil. Dünyanın heç bir həbsxanasında uzunmüddətli qadağa olmadı.

Yalnız bizim "təhlükəsiz" həbsxanalarımızdan başqa. Hələ efirlərdə deyirlər ki, məhbus üçün pandemiya dönəmində telefon imkanları yaxşılaşdırılıb. Halbuki pandemiyanın yayıldığı bu bir il ərzində həssas dönəmlərdə bircə dəfə belə əlavə telefon güzəştləri görmədim. Yoluxmanın qarşısını almaq üçün xarici səyahətlərə, hər zaman izdihamlı olan marketlərdə, avtobuslarda olan sıxlığa nəzarət etmək lazımdır.

Bu gün dünyanın hər yerində, eləcə də ölkəmizdə insanlar qadağalardan bezib. Hər kəsdə ikrah hissi oyanıb. Ümid edirəm, tezliklə lazımi orqanlar və səlahiyyətli şəxslər doğru-düzgün addımlar atarlar.

Abbas Hüseyn

8 saylı Cəzaçəkmə Müəssisəsi. 05.03.2021.