Ağayev Şahin Əlihəsən oğlu 2 noyabr 1963-cü ildə Qərbi Azərbaycanın Zəngəzur mahalı, Mehri rayonunun Əldərə kəndində anadan olmuşam. 1968-ci ildə Qərbi Azərbaycanda baş verən hadisələrlə əlaqədar ailəmiz Bakı şəhərinə köçmüşdür. 1971-ci ildə Bakı şəhərində yerləşən Mehdi Hüseynzadənin adını daşıyan orta məktəbin 1-ci sinfinə daxil olmuş və 1979-cu ildə həmin məktəbi uğurla bitirmişəm. Ailə vəziyyətini nəzərə alaraq gündüzlər işləyərək ailəmə dəstək olmuş, axşamlar isə təhsilimi davam etdirmişəm.
1981–1983-cü illərdə Buriyatiya Respublikasının Kyaxta şəhərində hərbi xidmətdə olmuşam. Xidmətdən tərxis olunduqdan sonra əmək fəaliyyətimi davam etdirmişəm. 1988-ci ildən etibarən Xalq Hərəkatının fəal üzvlərindən biri kimi ictimai-siyasi proseslərdə aktiv iştirak etmişəm. 1990-cı ilin 20 Yanvar faciəsi zamanı baş vermiş qanlı hadisələrdə iştirak etmiş, ağır xəsarət almışam.
1991-ci ildən Azərbaycan Respublikasının ilk Milli Ordusunun tərkibində Dağlıq Qarabağ uğrunda aparılan döyüşlərə qoşulmuşam. İlk döyüş təcrübəmi Kəlbəcərin Ağdaban, Zərdixaç, Qozlukörpü, Çapar, Atek və Kələmli kəndlərində qazanmışam. 21 mart 1992-ci ildə ayağımdan və başımdan yaralanmış, Şuşa xəstəxanasında ilkin tibbi yardım almışam. Daha sonra Mingəçevir şəhər xəstəxanasında və nəhayət Bakıdakı Mərkəzi Hərbi Hospitalda müalicə olunmuşam.
Tam sağalmadan 1992-ci ilin iyun ayında yenidən döyüş bölgəsinə qayıdaraq Ağdam şəhərində yerləşən 20 Yanvar batalyonunun tərkibində döyüşlərə qatılmışam. Naxçıvanik, Pircamal, Şelli, Qaraqaya, Abdalgülablı, Papravənd, Xanabad, Ağdərənin müxtəlif kəndləri, Gülyataq, Canyataq və Mehman kəndlərində ağır döyüşlərdə iştirak etmişəm. 19 sentyabr 1992-ci ildə Fərrux dağı istiqamətində gedən döyüşlərdə bir güllə ilə ayağımdan, iki gəzən güllə (5.45 kalibrli, qadağan olunmuş) ilə qarın boşluğumdan ağır şəkildə yaralanmışam.
31 dekabr 1992-ci il tarixində aldığım yaralara görə ordudan təxris olunmuşam. 2-ci qrup Qarabağ müharibəsi əliliyəm. 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşam.
1993–2005-ci illərdə Nəsimi və Binəqədi rayon icra hakimiyyətlərində çalışmışam. 2005–2020-ci illərdə "Vətən Müharibəsi" İctimai Birliyində, daha sonra isə 2023-cü ilə qədər Nəsimi rayon şöbəsində sədr müşaviri vəzifəsində fəaliyyət göstərmişəm. Yeni Azərbaycan Partiyasının üzvüyəm.
2024-cü ilin aprel ayından 2 dekabr tarixinədək Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının vitse-prezidenti olmuş, 2 dekabr 2024-cü ildən isə Federasiyanın prezidenti kimi fəaliyyətə başlamışam. Hazırda bu məsul vəzifəni daşıyaraq, qazilərimizin sosial müdafiəsi və onların idman sahəsində təmsilçiliyi istiqamətində fəal şəkildə çalışıram.