Mən, Muradov Əli Kərəm oğlu, 23 yanvar 1957-ci ildə Füzuli rayonunun Dilağarda kəndində ziyalı ailəsində anadan olmuşam. 1974-cü ildə Füzuli şəhər 4 nömrəli orta məktəbini bitirmiş və həmin il Sevastopol Dövlət Universitetinə qəbul olunmuşam. 1975–1977-ci illərdə hərbi xidmətdə olmuşam.
1981-ci ildə Sevastopol Dövlət Universitetinin mühəndis-iqtisad fakültəsini bitirmiş və elə həmin il əmək fəaliyyətinə Füzuli rayonunun “Qırmızı Oktyabr” üzümçülük sovxozunun üzüm emalı zavodunda mühəndis-operator kimi başlamışam. 1983-cü ildə Füzuli Rayon Partiya Komitəsinin təqdimatı ilə gənc mütəxəssis kimi “Dostluq” üzümçülük sovxozunun üzüm emalı zavoduna spirt anbarının müdiri təyin olunmuşam. Burada 1987-ci ilə qədər baş şərabçı (direktor) vəzifəsində çalışmışam.
1987-ci ildə Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin dəvəti ilə Kənd Tikintisi üzrə Respublika Kooperativ Dövlət İstehsalat Birliyinə keçmiş, burada Azəraqrotikinti Quraşdırma-Sazlama İdarəsinin Qərb bölgəsi və keçmiş DQMV üzrə mühəndis kimi fəaliyyət göstərmişəm. 1988-ci ildə Sevastopol şəhər komsomol komitəsinin dəvəti ilə həmin şəhərə gedərək komsomol təşkilatında işləmişəm. Həmin il ikinci ali təhsil almaq üçün Volqa-Byatski Universitetinə qiyabi təhsil formasında göndərilmişəm.
Qiyabi təhsil aldığım dövrdə Sevastopol Nəqliyyat Prokurorluğunda müstəntiq kimi fəaliyyət göstərmişəm. 1991-ci ildə Volqa-Byatski Universitetinin Dövlətçilik və Hüquqşünaslıq fakültəsini bitirmişəm. Elə həmin ilin 25 iyul tarixində Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə dəvət olunmuşam və Nazirliyin 680 nömrəli əmri ilə sabiq DQMV-nin Martuni (indiki Xocavənd) rayonunun Kurapatkin kəndində yerləşən 3 nömrəli üzüm emalı zavoduna direktor təyin edilmişəm.
1991-ci ilin sentyabr ayının 25-dən etibarən Xocavənd Rayon Müdafiə Şurasının sədr müavini kimi fəaliyyət göstərmişəm. Lakin 1992-ci il oktyabrın 2-də Xocavənd rayonu Erməni-Rus hərbi birləşmələri tərəfindən işğal olunmuşdur.
1993–2006-cı illər ərzində “Qanun Hüquq Firması”nda hüquqşünas kimi fəaliyyət göstərmişəm. 2006-cı ildən etibarən Biləcəri lokomotiv deposunda müqavilə əsasında işləmiş, 2007–2010-cu illərdə isə Azərbaycan Dövlət Dəmir Yolunun Hüquq Şöbəsində 2-ci dərəcəli hüquq məsləhətçisi kimi çalışmışam. 2010-cu il fevralın 1-dən 2023-cü il iyunun 16-na qədər Biləcəri lokomotiv deposunda hüquqşünas vəzifəsində fəaliyyətimi davam etdirmişəm.
2024-cü il yanvarın 22-dən etibarən Qarabağ – Əlil Döyüşçülər Futbol Federasiyasında hüquqşünas kimi fəaliyyətə başlamış, 2024-cü il dekabrın 2-dən isə Federasiyanın İqtisadi Məsələlər üzrə vitse-prezidenti vəzifəsinə təyin edilmişəm.
Ailəliyəm, iki övladım və dörd nəvəm var.