Əsas səhifə / Struktur / Quliyev Rövşən Akif oğlu

Quliyev Rövşən Akif oğlu

Quliyev Rövşən

Quliyev Rövşən

Əlil Döyüşçülər Futbol Federasiyasının təsisçisi

Quliyev Rövşən Akif oğlu 14 dekabr 1967-ci ildə Şuşa şəhərində ziyalı ailəsində dünyaya gəlmişəm. 1975-ci ildə doğma şəhərimdə yerləşən 4 nömrəli orta məktəbin birinci sinfinə daxil olmuş, 1986-cı ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurmuşam.

Orta təhsilimdən sonra, 1986–1988-ci illərdə Moldova Respublikasında hərbi xidmət keçmiş, burada xüsusi təyinatlı kəşfiyyatçı kimi xidmət etmişəm. Xidmətdəki fəallığıma görə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul olunmuşam.

1988–1992-ci illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı, özünümüdafiə batalyonunda könüllü olaraq vətənin müdafiəsində durmuşam. 1992-ci ildən etibarən əmək fəaliyyətimə Bakı Məişət Kondisionerləri Zavodunda başlamışam. 1994-cü ildən isə biznes sahəsində fəaliyyət göstərmişəm.

1999-cu ildə “Şuşa Şəhid Veteranlar Birliyi”nin təsisçilərindən biri kimi, Qarabağ döyüşçülərinin təşkilatlanmasına və sosial problemlərinin həllinə töhfə vermişəm. 2000-ci ildə keçirilən parlament seçkiləri zamanı, həmin cəmiyyətin təmsil etdiyi namizəd – Yaşar Məhərrəmov Mobil oğlunun deputatlığa namizədliyi ilə əlaqədar onun vəkili kimi siyasi fəaliyyət göstərmişəm.

14 may 2001-ci ildə Yeni Azərbaycan Partiyasının üzvü olmuşam. Təmsil etdiyim ictimai birlik vasitəsilə müxtəlif dövlətlərdə keçirilən beynəlxalq tədbirlərdə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə fəal iştirak etmişəm.

Bu fəaliyyətlərimin nəticəsi olaraq, 7 avqust 2014-cü ildə Gürcüstan Respublikasının “Georgian War Veterans Rights Protection Association Patriot” cəmiyyəti ilə əməkdaşlıq memorandumu imzalanmışdır. Bu əməkdaşlığa əsaslanaraq, 2017-ci ildə amputant futbolunun Gürcüstanda inkişaf etdiyini gördükdən sonra, bu təşəbbüsü Azərbaycanda da həyata keçirməyi özümə borc bildim.

Nəticə olaraq, 10 may 2018-ci ildə Azərbaycanda ilk dəfə olaraq Qarabağ – Əlil Döyüşçülər Futbol Federasiyasını təsis etdim. Bununla ölkəmizdə amputant futbolunun banisi oldum. 17 yanvar 2024-cü ildə isə ölkəmizdə ilk dəfə olaraq qadınlardan ibarət “Xarı Bülbül” amputant futbol klubunu yaratdım.

Hazırda Qarabağ – Əlil Döyüşçülər Futbol Federasiyasının təsisçisi olaraq, həm qazilərimizin sosial reabilitasiyasına, həm də ölkəmizdə inklüziv idmanın inkişafına töhfə verməyə davam edirəm.