Arzu Xanim

Arzu Xanim

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bazar ertəsi, 06 Aprel 2020 23:09

190 manat birdəfəlik ödəmə veriləcəkmi?

İşsizlər koronavirusa görə ödəməni almaq üçün bu saytda qeydiyyatdan keçməlidir 

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, işsiz kimi qeydiyyata alınmaq və ya birdəfəlik ödəməni (190 manat) almaq üçün karantin rejimini pozub evdən çıxaraq Məşğulluq Mərkəzlərinə müraciət etmələrinə heç bir ehtiyac yoxdur. Xüsusi karantin rejimi ilə əlaqədar hazırda mərkəzlərdə vətəndaş qəbulu da həyata keçirilmir.

Eyni zamanda, işsiz şəxslərin qeydiyyatı yalnız elektron qaydada aparılır. Belə ki, işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq "e-xidmətlər" bölməsindən "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi" xidmətini seçməlidir.

Birdəfəlik ödəmənin verilməsində ünvanlılıq prinsipi, şəxsin ailə gəlirləri nəzərə alınacaq. Bununla bağlı mexanizm hazırlanır. Bu proses yaxın günlərdə başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri işsizlərə nağdsız qaydada (bank xidmətləri vasitəsilə) ödəniləcək.

Bir daha işsiz şəxslərə birdəfəlik ödəməni almaq və ya işsiz kimi qeydiyyata alınmaq üçün Məşğulluq Mərkəzlərinə müraciət etməmələrini, bunun üçün evdən çıxaraq xüsusi karantin rejimini pozmamalarını tövsiyə edirik.

Repressiya və İşgəncələr Əleyhinə Komitə (RİƏK) İşçi Qrupu virtual toplantı keçirib və ölkədəki son repressiv durumu müzakirə edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Komitə baş verən son olaylarla bağlı bəyanat qəbul edib.

BƏYANAT

"Repressiya və İşgəncələr Əleyhinə Komitə aşağıdakı faktlar əsasında insan haqq və azadlıqları barədə son durumu müzakirə edərək, son növbədənkənar parlament seçkisi imitasiyasından və xüsusilə, İlham Əliyevin müxalifət düşərgəsinə yönəlik 19.03.2020-ci il tarixli təhdidedici "bayram təbriki"ndən sonra ölkədə siyasi qisasçılıq zəminində repressiya və işgəncələrin yeni mərhələsinin başlandığını bəyan edir və aşağıdakı faktları beynəlxalq və ölkə ictimaiyyətinin diqqətinə təqdim edir:

1. 32 saylı Suraxanı üçüncü Seçki Dairəsinin 8 saylı seçki məntəqəsi üzrə məşvərətçi səs hüququ ilə komissiya üzvü olmuş Fuad İsmayılov seçki saxtakarlıqlarına etiraz olaraq, divara "Fu Məzi" yazdığına görə iki ay müddətinə inzibati həbs cəzasına məhkum edilib, həmçinin polis tərəfindən qeyri-insani rəftara və işgəncələrə məruz qalıb: apellyasiya məhkəməsində dediyinə görə, zərbə nəticəsində dişi sınıb və qulaq pərdəsi cırılıb...

2. Müsəlman Birliyi Hərəkatının üzvü, xüsusilə, MBH üzvlərini vəsv edən şeir və mahnıları ilə tanınan şair Elvin (Mürvətoğlu) Muradov 13.03.2020-ci il tarixdə həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsilə ittiham irəli sürülüb,

3. "Müsəlman Birliyi" Hərəkatının koronavirusa qarşı mübarizə məqsədilə Bakıda əhaliyə öz vəsaiti hesabına pulsuz maska və virusdan qorunmaya dair təlimat paylayan Samir Babayev İnzibati Xətalar Məcəlləsinin 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsilə şərlənərək 30 sutka həbslə cəzalandırılıb,

4. Ölkə və dünya çapında tanınmış ictimai-siyasi xadim, hakimiyyətin kəskin tənqidçisi və müxalif liderlərdən biri - Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə açıq-aşkar şərlənərək həbs edilib və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilərək 3 saylı Şüvəlan istintaq təcridxanasına göndərilib,

5. Üzvü olduğu YAP-ın biletini doğrayaraq yandırmasını və İ.Əliyev siyasətini tənqid etməsini əks etdirən video-görüntü yayması ilə əlaqədar Şirvan şəhər sakini Araz Quliyevə 30 sutka inzibati həbs cəzası verilib,
6. AXCP Ali Məclisinin üzvü Anar Məlikov Cəlilabad rayon Məhkəməsinin qərarı ilə 22.03.2020-ci il tarixdə çağırış əsasında RPŞ-nə gedib və orada haqqında İXM-nin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə aparılıb və 10 sutka inzibati həbslə cəzalandırılıb,
7. 25.03.2020-ci il tarixdə AXCP Salyan rayon təşkilatının fəalı Əlizamin Salayev şərlənərək haqqında CM-nin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb.
13 yanvar 2020-ci il tarixdə Əlizamin Salayev polis kapitanı Əzizovun qanunsuz əməlləri və onu hədələməsi haqda Daxili İşlər Nazirliyinə məlumat vermək üçün Bakıya gəlmiş və burada polis tərəfindən şərlənərək həbs olunmuş, qeyri-insani rəftara və işgəncələrə məruz qalmış, işgəncə nəticəsində qarın yırtığı partlamış və 30 sutka inzibati həbslə cəzalandırılmışdı. Haqqında cinayət işi açılmazdan az əvvəl o, işgəncə nəticəsində aldığı xəsarətə görə cərrahi əməliyyat olunmuşdu.

8. 30.03.2020-ci il tarixdə hüquq müdafiəçisi Elçin Məmməd həbs edilib. Sosial şəbəkədə yayılan məlumatda bildirilir ki, "naməlum şəxslər" Elçin Məmmədin işlədiyi ofisin sahibindən su borularının təmiri adı ilə açarları alaraq, içəri daxil olublar, nə isə qoyublar , bir neçə dəqiqədən sonra isə polis işçiləri gəlib axtarış aparıblar...
Elçin Məmməd CM-nin 177.2.4-cü (oğurluq) maddəsi ilə təqsirləndirilib, 3 ay həbs-qətimkan tədbiri seçilib, hazırda 3 saylı Şüvəlan təcridxanasındadır.

9. 30.03.2020-ci il tarixdə Aqil Hümbətov (məhkəmə qərarı ilə Zirə bələdiyyəsində məcburi əməyə cəlb edilmiş AXCP üzvü) İ.Əliyevi video-çıxışlarında sərt tənqid etdiyi üçün Zirə bələdiyyəsində ərazinin təmizlənməsi işi ilə məşğul olduğu zaman polis tərəfindən şərlənib və Sabunçu məhkəməsinin qətnaməsi ilə Maştağadakı Mərkəzi Ruhi Xəstəliklər (dəlixana) xəstəxanasına göndərilib. İki gün orada saxlandıqdan sonra - 01.04.2020-ci il tarixdə həmin məhkəmənin qərarı ilə azad edilib. Lakin buraxılan gün yenidən video-çıxış edib hakimiyyəti sərt tənqid etdiyi üçün məhkəmə qərarı ilə təkrar dəlixanaya göndərilib.

10. 01.04.2020-ci il tarixdə İntiqam Rafiq oğlu Bayramov. İ.Əliyevə koronavirus karantini ilə əlaqədar çölə çıxmağı qadağan etməsi, amma zibillikdən plastmas yığıb satmasa, balasını dolandıra bilməyəcəyi və dövlətin də maddi yardım etmədiyi barədə video-müraciət edib və buna görə 30 sutka inzibati həbs cəzasına məhkum edilib...
Demokratiyanın, insan haqq və azadlıqlarının bərpası prinsiplərinin müdafiəsini prioritet hesab edərək, beynəlxalq hüquq-müdafiə təşkilatlarının, beynəlxalq birliklərin, inkişaf etmiş aparıcı dünya dövlətlərinin, xüsusilə, siyasi məhbusların qeyd-şərtsiz azad edilməsi tələblərini dəstəkləyərək və Repressiya və İşgəncələr Əleyhinə Komitə (RİƏK) olaraq;

1. Hesab edirik ki, İ.Əliyev beynəlxalq tribunalardan tolerantlıq barədə, tolerant prinsiplərdən geninə-boluna danışsa da, özü iqtidar və müxalifət təmsilşiləri arasında, prezident statusuna uyğun olmayan ayrıseçkilik edir və şəxsində tolerantlıqdan əsər-əlamət yoxdur: xüsusilə müxalifəti ünsür və düşmən adlandırması prezident statusuna adekvat deyil və yolverilməzdir,

2. Bildiririk ki, 10.06.2018-ci il Gəncə hadisələri zəminində həbs edilmiş siyasi məhbuslardan dörd nəfərin azad edilməsi xoş ictimai təəssürat yaratsa da, bu prosesin kimlərinsə maneçiliyi və ya hansı səbəbdənsə dayandırılması ümumi mənafe baxımından ziyanlıdır,

3. Hesab edirik ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da infeksiyanın qarşısını almaq və profilaktik tədbir olaraq, həmçinin dövlətin yükünü yüngülləşdirmək məqsədilə siyasi məhbuslar və xüsusi təhlükəli olmayan məhbusların təcili azad edilməsi məqsədəuyğundur,

4. Azərbaycan hakimiyyətini Tofiq Yaqublu və Elçin Məmməd barədə beynəlxalq ictimaiyyətin çağırışlarını qulaqardı etməməyə dəvət edirik,

5. Azərbaycan hakimiyyətinin koronavirus pandemiyasından fürsət kimi istifadə edərək qisasçılıq zəminində yenidən başlatdığı siyasi repressiya və işgəncə siyasətini pisləyir, bölücülüyə və barışmaz ziddiyyətlərə xidmət edən siyasəti durdurmağa dəvət edir, son dövrlərdə siyasi mülahizələrlə həbs edilən şəxslərin azadlığını tələb edirik".

Bəyanat "Repressiya və İşgəncələr Əleyhinə Komitə"nin virtual toplantısında qəbul edilib.

Prezident İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib

İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını edib...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

Prezident İlham Əliyevin

MÜRACİƏTİ 


-Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək.

Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri.

İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək.

Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək. Təsadüfi deyil ki, bu istehsal müəssisəsi Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində təşkil edilib. Bu park mənim təşəbbüsümlə yaradılıb və artıq burada bir çox müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr bizim qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə verir. Eyni zamanda, mövcud kadr potensialı, sahibkarlar sinfinin inkişafı, dövlət və özəl sektorun tərəfdaşlığı, daim dövlət tərəfindən özəl sektora göstərilən dəstək – həm siyasi, həm maddi dəstək, güzəştli kreditlərin verilməsi, bütün bu amillər, yeni vəziyyətə gətirib çıxardı ki, biz vətəndaşlara lazım olan vasitələri qısa müddət ərzində operativ şəkildə istehsal edək və bazara təqdim edək. Mən onu bir daha qeyd etmək istəyirəm ki, hətta inkişaf etmiş ölkələrdə bu gün maska qıtlığı var. Bizdə alınmış yeni avadanlıq, - bu avadanlığın ikinci xəttinin də gətirilməsi nəzərdə tutulur, - imkan verir ki, avtomatlaşdırılmış rejimdə böyük həcmdə, böyük sayda maskalar istehsal olunsun.

Ona görə bugünkü tədbir xüsusi əhəmiyyət daşıyır. Mən son illər ərzində yüzlərlə, bəlkə də mindən çox sənaye müəssisəsinin açılışında iştirak etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür.

Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır. Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir. Hər bir insan o saytlara girib baxa bilər, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir. Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanda geniş yayılmasın. Aprelin 5-nə qədər vaxtaşırı qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər. Çünki bu qaydaları pozanlara qarşı ciddi tədbirlər nəzərdə tutulur və bu tədbirlər artıq təsbit edilib. Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik.

Eyni zamanda, onu da bildirməliyəm ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların arasında bizim ən müasir xəstəxanamız – "Yeni klinika" da var. Bu klinika bu yaxınlarda - martın sonunda açılmışdır, orada 575 çarpayı nəzərdə tutulur. Nəzərə alsaq ki, klinika vaxtından əvvəl istifadəyə verilib, orada xəstələri qəbuletmə imkanları tədricən artacaq - ilkin mərhələdə 100 xəstə, sonra 300 və ondan sonra tam fəaliyyətə başlayacaq. Həmçinin bu il martın əvvəlində mənim iştirakımla bölgələrdə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verildi. Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayıların sayı təqribən 500 ətrafındadır. Beləliklə, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar.

Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Bu xəstəxanalar yeni texnologiyalar əsasında inşa ediləcəkdir. Bu texnologiyalar imkan verir ki, qısa müddətdə, bəlkə də üç həftə, bir ay ərzində xəstəxana tamamilə yenidən qurulsun, - yığma texnologiyalar prinsipi əsasında qurulacaq, - bütün lazımi avadanlıqla təchiz edilsin. Hər bir xəstəxananın çarpayı sayı 200-dür. Belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması əlbəttə ki, bu mübarizədə bizə əlavə imkan verəcəkdir. Mübarizədə əsas məsələlərdən biri vaxt məsələsidir. Biz vaxtı nə qədər daraltsaq, nə qədər az vaxt çərçivəsində işləri görsək, xəstəliyə qarşı mübarizədə o qədər uğur qazana bilərik. Ona görə vaxt amili və əlbəttə, həkimlərin peşəkarlığı, bizim imkanlarımız, bütün bu amillərin vəhdəti bu gün imkan verir ki, Azərbaycan hələ də az itkilərlə bu vəziyyətdən çıxır. Ancaq əlbəttə, işlərin gələcək inkişafı göstərəcək ki, bizim sonrakı addımlarımız nədən ibarət olacaq. Hər halda bu ciddi karantin rejimi ayın 20-nə qədər qüvvədə qalacaq. Ondan sonra biz addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq.

Onu da bildirməliyəm ki, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. Hazırda karantində qalan vətəndaşların sayı 4500-dür. Karantin üçün ən məqbul yerlər müəyyən edilib. Karantin rejimində olan ən çox insanların məkanı Atletlər kəndidir. Orada hazırda təqribən 1300 insan yerləşdirilib. Karantində olan vətəndaşlar, eyni zamanda, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində yerləşdirilir. Onlara gündəlik yemək verilir, onlar tibbi müayinədən keçirlər. Onların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdırlar, dövlətə və həkimlərə minnətdarlıqlarını bildirirlər.

Bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik.

Onu da bildirməliyəm ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaq.

Azərbaycana gəldikdə, - üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun.

Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük! Sağ olun".

Bazar ertəsi, 06 Aprel 2020 17:44

İki siyasi məhbus əfvə düşdü

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, sərəncam dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumlara şamil edilib.

Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. Onların arasında iki siyasi məhbus da var: Fəraməz Abbasov və Eldar Binyadov.

Qeyd edək ki, Fəraməz Abbasov 2011-ci ildə həbs edilib. 

2011-ci il yanvar ayının 7-si axşam saatlarında Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və Partiyanın təşkilati məsələlər üzrə sədr müavini Vaqif Abdullayev saxlanılıb.

Əvvəlcə məhkəmə onlara 10 sutka həbs cəzası verib, sonra aparılan əməliyyatlarla daha bir neçə nəfər həbs edilib.

9 ay sonra - 7 oktyabr 2011-ci ildə uzun məhkəmə çəkişməsindən sonra Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadəyə hökm oxunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədova 12 il, Firdovsi Məmmədrzayevə 10 il, əmisi oğlu Dəyanət Səmədova 10 il, partiyanın sədr müavini Vaqif Abdullayevə 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadəyə 11 il 6 ay, Fəramiz Abbasova 11 il azadlıqdan məhrumetmə cəzasının verilməsi ilə bağlı hökmü elan edib. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti hökm oxunub.

İslamçıları müdafiə edənlər hesab edir ki, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirib.

Vaqif Abdullayev həbsdən 1 il sonra cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. 

Adıçəkilən şəxslər beynəlxalq insan haqları qurumları tərəfindən siyasi məhbus elan ediliblər.

Eldar Əliağa oğlu Binyadov isə 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş verən 7 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən olaylarla bağlı həbs edilib. 2017-ci il dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Eldar Bünyadov 12 il 3 ay, Elman Ağazadə 13 il, Elxan Həsənov 12 il 3 ay, Faiq Allahverdiyev 13 il, Ramil Seyfullayev 13 il, Mübariz brahimov 13 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il azadlıqdan məhrum edilib. İlahiyyatçılar Elman Ağazadə və Zülfüqar Mikayılov 2019-cu il martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb. 
Təqsirləndirilən şəxslər günahsız olduqlarını, Nardaranda polisləri dövlət orqanlarının öldürdüyünü bildiriblər.

1 -dən səhifə 1594
Top
JoomlaLock.com All4Share.net